Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

26 fevral 2018-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ADBTİA-nın rəhbərliyi, professor-müəllim heyəti və Akademiyanın tələbələri iştirak etdi.

Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra tədbir çərçivəsində iştirakçılara  soyqırım dəhşətlərini əks etdirən “Xocalı” adlı sənədli film nümayiş olundu.

Tədbirə yekun vuran Akademiyanın rektoru Fuad Hacıyev 26 il bundan öncə Ermənistanın silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımı və onu yaradan tarixi səbəblər barəsində məlumat verdi.

Rektor çıxışında qeyd etdi ki, xalqımızın başına gətirilən ən böyük faciələrdən biri olan “Xocalı soyqırımı” insanlığa qarşı törədilən ağır cinayətlərdəndir. Bu faciə hər il beynəlxalq səviyyədə yad edilir, Ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi hər zaman əziz tutulur. Fuad Hacıyev çıxışında bildirdi ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunları Xocalı faciəsi kimi soyqırımları pisləyir. Xocalı soyqırımı həqiqətlərindən dünya dövlətlərinin xəbərdar olması üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniya çərçivəsində  Xocalı soyqırımının qurbanları və fəsadları haqqında məlumatlar mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu tədbirlər nəticəsində artıq bir sıra ölkələr Xocalı soyqırımını tanıyıb. 

Xəbərlər