Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman Akademiyasının magistrantları Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qonağı oldular

18 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman tibbi və reabilitasiya” magistr ixtisasının tələbələri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qonağı oldular. 
Səfirlikdə görüş zamanı qısa tanışlıqdan sonra İdman Akademiyasında 2017-ci ildə yaradılan üç ingilis dilli magistr proqramları haqqında, o cümlədən “İdman tibbi və reabilitasiya” magistr proqramı haqqında ətraflı məlumat verilmiş, qeyd edilmişdir ki, proqramın rəhbəri Avropanın “İdman tibbi” tədris standartının müəllifi, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, Böyük Britaniyanın boks üzrə milli Olimpiya yığmasının tibbi direktoru Dr.Maykl Pol Luzmordur və proqram çərçivəsində tədris UCL Universitetinin İdman Məşqi və Sağlamlıq İnstitutunun müəllim və ekspert heyəti tərəfindən aparılır. 
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağı-zadə proqrama böyük maraq göstərmiş, beynəlxalq təcrübə əsasında təhsil almış kadrların ölkəmizin inkişafına böyük töhvə verəcəyinə inandığını bildirmişdir. 
Qeyd edək ki, 2017-ci ildə yaradılan “İdman tibbi və reabilitasiya”, “İdman jurnalistikası” və “İdman menecmenti” magistr ixtisaslarının əsas məqsədi beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə günü-gündən inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir. “İdman tibbi və reabilitasiya” magistr proqramı post-sovet məkanında, “İdman jurnalistikası” magistr proqramı isə Qafqazda bir ilk oldu. Hər üç magistr proqramında tədris ingilis dilində aparılır, ilk tədris ilində tələbələrin Böyük Britaniyaya 2 həftəlik təcrübə səfəri təşkil olunur.

Xəbərlər