Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-nın tələbələri Böyük Britaniyada tədris-təcrübə səfərində oldular

Bu gün Azərbaycan idman dövləti kimi şöhrət qazanmış müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Ölkəmizdə, xüsusən də Bakıda müxtəlif idman tədbirləri keçirilir, Azərbaycanın gücünü və potensialını nümayiş etdirir.

Yaxın gələcəkdə isə Azərbaycan dünyaya idman tədbirləri ilə yanaşı həm də yüksək rəqabətə malik insan resursları təqdim edəcək. 2017-ci ildən başlayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədrisi ingilis dilində aparılan 3 yeni magistr ixtisası yaradılmışdır – “İdman tibbi və reabilitasiya”, “İdman menecmenti” və “İdman jurnalistikası”.

“İdman tibbi və reabilitasiya” magistr proqramı post-sovet məkanında ilkdir. Hazırda proqramda 16 nəfər rezidenturanı bitirmiş həkim təhsil alır. Proqramın rəhbəri Avropanın “İdman tibbi” tədris standartının müəllifi, AİBA-nın tibbi komissiyasının sədri, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, Böyük Britaniyanın boks üzrə milli Olimpiya yığmasının tibbi direktoru Dr.Maykl Pol Luzmordur. Proqram çərçivəsində bütün dərslər UCL Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun müəllim və ekspert heyəti tərəfindən aparılır.

13-27 iyun 2019-cu il tarixlərində “İdman tibbi və reabilitasiya” proqramının magistrantları Londonda tədris-təcrübə səfərində olublar. Səfər zamanı tələbələr QS Global World Ranking reytinqində dünyada 10-cu yerdə, Böyük Britaniyada isə Oksford və Kembric universitetlərindən sonra 3-cü olan UCL Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun aparıcı ekspertləri Brüs Peyton və Paulina Kloskovska tərəfindən “Hərəki fəaliyyət” və “Baş, beyin və boyun zədələnmələri və onların reabilitasiyası” üzrə iki modul keçdilər. Hər iki modul UCL Universitetinin kliniki bazası olan UCLH-də keçirilmişdir. Əlavə olaraq, reanimasiya və intensiv terapiya üzrə professor, UCL-in İnsan Sağlamlığı və Fəaliyyəti Institutunun direktoru, UCL Direktorlar Şurasının üzvü Hyu Montqomeri magistrantlara “Ekstremal vəziyyətlərə insan orqanizminin reaksiyası” mövzusunda təlim keçdi.

Səfərin bir gününü magistrantlar “Arsenal” futbol klubunda keçirtdilər. Orada  onlar klubun tibbi-bioloji təminat sistemini öyrəndilər, istifadə olunan tibbi avadanlıqla yaxından tanış oldular. Magistrantlar “Arsenal” futbol klubunun 23 yaşlı oyunçulardan ibarət komandasının həkimi Dr Ges Steynberq və fizioterapisti Kolin Blakbern ilə görüşüb reabilitasiyaya aid fikir mübadiləsi apardılar. Səfərin son həftəsində tələbələr UCL Hospitalının həkimləri və fizioterapistləri ilə intensiv olaraq praktiki məşğələlərdə iştirak edib, yüksək nailiyyətli idmançıların müayinələrini aparıblar.

Proqramın rəhbəri Mayk Luzmora əsasən 2 il əvvəl yaradılan “İdman tibbi və reabilitasiya” magistr proqramı Azərbaycan höküməti tərəfindən dəstəklənir. Bakıda keçirilən idman tədbirləri nəticəsində ölkədə idman həkimlərinə ciddi ehtiyac duyuldu. Biz 3-cü ilə başlamaq üzrəyik və deyə bilərəm ki, bizim proqram çox uğurludur – bizim tələbələr Formula 1 yarışlarında, Bakıda keçirilən Arsenal-Çelsi oyununda və digər tədbirlərdə əsas tibbi vəzifələri tuturlar.

Proqramda UCL-in ekspertləri dərs deyir, onlar öz sahələrinin əsl peşəkarıdırlar. Bu gün idman tibbi və reabilitasiya sahəsində Böyük Britaniya danılmaz liderdir. Biz yolunu tapdıq və hazırda Britaniyanın ekspertləri öz bacarıqlarını və fikirlərini birbaşa Azərbaycanlı həkimlərə ötürürlər. Dərslər müasir tibbi avadanlıqları ilə təchiz edilmiş funksional İdman-tibbi elmi-tədris laboratoriyada keçirilir.

Qeyd edək ki, UCL-in Direktorlar Şurası ilə aparılan danışıqların nəticəsində 4 yanvar 2019-cu il tarixdə UCL-in İdman, Məşq və Sağlamlıq İnstitutu ilə ADBTİA arasında aşağıdakı sahələr üzrə Memorandumun imzalanmışdı:

- professor-müəllim heyətinin mübadiləsi;

- tələbə mübadiləsi;

- birgə elmi tədqiqatlar.

            Birgə tədqiqatların başlanması üçün UCL-in ekspertləri “İdman tibbi və reabilitasiya” magistrantlarına elmi rəhbər təyin olundu və ilk magistr dissertasiyaları onların nəzarəti altında yazıldı. Məzunlar UCL Universitetində PhD səviyyəsi üzrə təhsillərini davam etdirəcək, İdman Akademiyası ilə UCL-in birgə tədqiqatları üçün zamin yaradacaqlar. Bu, isə 16 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” üzrə Dövlət Proqramı çərçivəsində qoyulmuş hədəflərə çatmaq üçün atılan ilkin ciddi addımlardır və dövlətin yeni akademik potensialının formalaşdırılmasına xidmət edir.    

Səfərin sonunda magistrantlar UCL Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutu tərəfindən sertifikatlarla təltif olunublar.

Xəbərlər