XX əsrdə Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır
XX ƏSRDƏ RESPUBLİKAMIZDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANIN İNKİŞAFI XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
(1969-2003)
Keçmiş SSRİ dövründə Azərbaycanın bədən tərbiyəsi və idman həyatını yalnız məyusluq mənbəyi adlandırmaq ədalətsizlik olardı. Xüsusilə, 70-80-ci illərdə respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları milli komanda və idmançılarımızın beynəlxalq imicinin formalaşması prosesini iflic etsə də kütləvi bədən tərbiyəsi sahəsində müəyyən irəliləyişlər şəksizdir. Bu heç də böyük əzmi, iradəsi, fitri istedadı ilə bütün baryerləri aşaraq, dünya idmanı tarixinə parlaq səhifələr yazan idmançılarımızın uğurlarının əhəmiyyətini azaltmır. Ötən onilliklərdə dövlətimiz bu sahəyə əsaslı vəsait yönəltmişdir. Hər rayonun, şəhərin, qəsəbənin, kəndin, məhəllənin, məktəbin, müəssisənin, idman qurğularının mövcudluğu, onların bu gün də əsas idman bazası funksiyasını yerinə yetirməsi faktdır. Belə ki, statistik məlumatlara əsasən, hazırda respublikamızda 670 idman qurğusu və bədən tərbiyəsi sağlamlıq mərkəzi fəaliyyət göstərir.
Nazirlər Sovetinin 28 noyabr 1969-cu il tarixli nümunəvi nizamnaməsi respublikanın rayonlarında bədən tərbiyəsi və idmanın inkişafına yeni impuls verdi. Həmin nizamnamədə deyilir: gənclərin mədəni-məişət şəraitini yaxşılaşadırmaq üçün təşkilatlar tədbirlər görür, onların amillərinin sağlamlığının möhkəmləndirilməsi və fiziki tərbiyəsinin gündəlik qayğısına qalır.
1970-ci ildən sonra bədən tərbiyəsi mütəxəssislərinin də sayı artmışdı. Təkcə Bakı Bədən Tərbiyəsi Texnikumu üç buraxılışda (1971, 1972 və 1973-cü illər) 708 bədən tərbiyəsi işçisinə həyat təyinatı verdi. Azərbaycan DBTİ 1966-1974-cü illər ərzində 1.743 nəfər mütəxəssis buraxmışdır.
1974-cü ildə məktəbdə bədən tərbiyəsi dərslərinə (VI-X siniflərdə) 937 mindən çox şagird gəlirdi, 3152 bədən tərbiyəsi kollektivi yaradılmışdı. Həmin ildə 706,8 min şagird ƏMH kompleksinin normalarını vermiş, 208 min nəfər nişan almışdır ki, onlardan da 14 mini qızıl idi.
1975-1976-cı tədris ilində respublikanın məktəblərində 35 ixtisaslaşdırılmış sinif açılmışdı, onların fəaliyyəti həmişə xalq maarif şö’bələrinin və rayon idman komitələrinin nəzarəti altında olmuşdur. Bədən tərbiyəsi kollektivlərinin sayı çoxalmışdı. Lakin məktəblilər arasında bədən tərbiyəsi və idman işləri günün tələblərinə cavab vermirdi, məktəblərdə bədən tərbiyəsi və idmanın maddi-texniki bazaları kifayət qədər deyildi. 1975-ci ildə 9-cu beşilliyin yekun ilində bədən tərbiyəsi kollektivlərinin sayı 6068 olmuş, bədən tərbiyəçilərinin sayı isə 929 min nəfərə çatmış, 224,1 min dərəcəli idmançı hazırlanmışdı ki, onlardan SSRİ idman ustası 164, idman ustalığına namizədlər 400, birinci dərəcəli idmançılar 2,7 min nəfər idi. 9-cu beşillikdə Azərbaycan SSR-də idmanın maddi-texniki bazası, ümumiyyətlə, yaxşılaşmışdı.
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev çdemişdir: «Demək lazımdır ki, idmanın və bədən tərbiyəsinin maddi bazasını möhkəmlətmək böyük və mürəkkəb bir məsələdir… Bədən Tərbiyəsi və İdman Komitəsi, Dövlət Plan Komitəsi, AHİŞ komsomolun Mərkəzi Komitəsi, müvafiq nazirliklər və baş idarələr yaxın iki-üç ildə idmanımızın maddi bazasını genişləndirmək və möhkəmlətmək üçün Bakıda, Gəncədə, Sumqayıtdakı idman qurğularını ən yüksək tələblərə uyğun olan vəziyyətə gətirmək üçün hər cür tədbir görməlidirlər.
1978-ci ilin iyun ayında yaşayış yerlərində kütləvi bədən tərbiyəsi və idman işinin ən yaxşı təşkili uğrunda Ümumittifaq baxış-müsabiqəsinin keçirilməsi üzrə təşkilat komitəsinin Moskvada iclası olmuşdur. İclasda «Əhalinin yaşadığı yerlərdə bədən tərbyəsi və idmanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında» ÜİHİMŞ, ÜİLGGİ MK SSRİ İdman Komitəsi və SSRİ OADKYC MK qərarının Azərbaycan SSR-də yerinə yetirilməsinin gedişi haqqında məsələ dinlənilmişdir.
Azərbaycan bədən tərbiyəsi hərəkatının maddi-texniki bazası xeyli möhkəmlənmişdir. Təkcə 1977-1978-ci illərdə respublikada 8 stadion, 130 salon, 127 futbol meydançası, 27 tir istifadəyə verilmişdir. İdman sarayı, əl oyunları stadionu, yüngül atletika maneji, üzgüçülük hovuzu kimi müasir tələblərə cavab verən iri idman obyektlərinin inşası davam etdirilir.
1979-cu ildə təkcə respublikada Ali və Orta İxtisas Təhsil Nazirliyinin orta ixtisas təhsili ocaqlarında bədən tərbiyəsi və idmanla 32 min nəfər məşğul olmuşdur, həmin il 7 min nəfərdən çox ƏMH nişançısı hazırlanmış, özü də onlardan 676 nəfəri kompleksin normalarını qızıl nişan səviyyəsində yerinə yetirmişdir. Bundan başqa 5.600 nəfər kütləvi dərəcəli idmançı hazırlanmış, 17 min nəfərdən çox adam müxtəlif idman bölmələrində müntəzəm surətdə məşğul olmuşdur.
«Klublardan və idman qurğularından istifadə olunmasını yaxşılaşdırmaq tədbirləri haqqında» Prezident Heydər Əliyevin fərmanından sonra ölkəmizdə sağlam həyat tərzinin bərqərar edilməsi naminə böyük işlər görülməsinə başlanmışdır.
Yaranmış vəziyyətlə əlaqədar respublikanın böyük bir ərazisində 300-ə yaxın idman qurğusu, stadionlar işğalçı erməni quldurlarının əlinə keçmiş, onlar tərəfindən dağıldılmışdır.
Ali təhsil ocaqlarının bədən tərbiyəsi və idman kafedralarında müəllimlərin və laborantların sayı nisbətən artmışdır. 1980-ci ildə respublikanın ali məktəblərində 265 bədən tərbiyəsi müəlliminin ixtisasını artırmaq sistemi xeyli təkmilləşmişdir. Azərbaycan Dövlət Universitetinin nəzdindəki müəllimlərin ixtisasını artırmaq fakultəsində 1978—79-cu dərs ili ərzində ali məktəblərin 42 müəllimi öz ixtisasını artırmışdır.
1993-cü ilin 15 iyununda xalqın çağrışına səs verərək ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın ümummilli lideri Heydər Əliyevin xususi diqqəti və qayğısı sayəsində başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ciddi dönüş yaradıldı.
Azərbaycan Prezidenti Heydər Əliyev səhiyyə işçiləri ilə görüşündə demişdir: « Hər bir adam üçün, elə cəmiyyət üçün də cansağlığından böyük sərvət yoxdur. Adamların cansağlığının mühafizəsi və möhkəmləndirilməsi birinci əhəmiyyəti olan işdir». Xalqın cansağlığı ölkənin sərvətidir. Heydər Əliyev Azərbaycan gənclərinin sağlamlığını «dövlət əmlakı» adlandırır və ona görə Azərbaycan dövləti insanların sağlamlığının keşiyində dayanır, adamların cansağlığının möhkəmləndirilməsini birinci dərəcəli vacib məsələ sayır.
«Biz bu gün müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsillər fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik».
Təəssüf ki, idman üçün, bədən tərbiyəsi üçün keçmişdə yaradılmış böyük maddi-texniki bazanın əksəriyyəti dağıdılıbdır. Bizim xalqımıza ayrı-ayrı adamlar nə qədər xəyanət ediblər. Bakıda vaxtı ilə respublika stadionu tikilib. O xalqımıza xidmət edib. Amma iki ilin içərisində bəzi rəhbər vəzifəli şəxslərin məsuliyyyətisizliyi nəticəsində bu stadion bərbad vəziyyətdədir. Biz orada futbol yarışları keçirə bilmirik.
Bilirsinizmi, tikmək, qurmaq çətindir. Amma dağıtmaq üçün elə böyük cürət lazım deyildi. Fürsət düşən kimi dərhal dağıdırlar. Mənim xatirimdədir; həmin o stadionun tikilməsinə hələ Böyük Vətən müharibəsindən əvvəl başlanmışdı. 1941-ci ildə Vətən müharibəsi başlayanda bütün tikililər, o cümlədən bizim stadionun tikintisi də dayandırıldı. Müharibə qurtarandan sonra o stadionun tikintisinə yenidən başlandı. Bunların hamısı mənim yadımdadır. 1952-ci ildə o stadionun təntənəli açılışı oldu. Mən həmin təntənəli mərasimdə iştirak edən şəxslərdən biriyəm.
Biz o gün nə qədər böyük iftixar hissi ilə sevinirdik ki, nəhayət, bizim Bakıda da belə gözəl, nəhəng, o vaxt üçün çox əzəmətli idman stadionu yaradılıb. Elə sonrakı illərdə də bu qurğulardan həmişə səmərəli istifadə olunub. Stadion 40 min yerlik olsa da, futbol yarışları zamanı oraya 60 mindən çox adam yığışırdı. Mən bunların hamısının iştirakçısıyam. O yarışlarda sonrakı dövrlərdə də olmuşam».
Bilirsiniz, iki il öncə idi, burada beynəlxalq futbol yarışı keçirilməliydi. Dedilər ki, Bakı stadionunda keçirmək olmaz, Sumqayıtda keçirmək lazımdır. Mən çox narahat oldum, nə cür ola bilər ki, Bakı kimi böyük bir şəhərdə futbol yarışı keçirmək mümkün olmasın? Müəyyən tədbirlər görüldü. Azərbaycan futbol komandası Bolqarıstan komandası ilə görüşdü. Bu 1988-ci ildən indiyə qədər Bakı stadionunda ilk futbol yarışı idi.
Siz gəncsiniz, bəlkə də bunları xatırlaya bilmirsiniz. Amma Bakı stadionunda keçirilmiş futbol yarışları bizim nəslin yadındadır. Stadion tamamilə dolu olurdu. Tamaşaçılar orada həm idman yarışına baxırdılar, həm də istirahət edirdilər. Bunlar böyük hadisələr və respublikamızda çox gözəl bir ən’ənə idi. Stadionun bərpa olunması bir daha onu göstərir ki, biz yaxşı, də’yərli ən’ənələrimizi bərpa edə bilərik və etməliyik.
Tələb edirəm ki, bu tədbirlər axıra çatdırılsın, idmanın və bədən tərbiyəsinin maddi-texniki bazası bundan sonra daha da möhkəmləndirilsin, inkişaf etdirilsin, respublikamızda həm gənclər, həm də bütün əhali idmana və bədən tərbiyəsinə cəlb oluna bilsin.
Xatirimdədir, «Gənclik» kompleksinin əsası 60-cı illərdə qoyulmuşdur. 70-80-ci illərdə biz buraya çox vəsait qoyduq. Burada, Azərbaycanın ən gözəl guşələrindən biri olan Xəzər dənizinin sahilində – Abşeronda, Bakıda, Zuğulbada gözəl «Gənclik» kompleksi yarandı. Mən çox məmnunam ki, bir neçə illik fasilədən sonra yenidən bu kompleksdəyəm. Bura mənim üçün doğma yerdir. Bu kompleksin yaranması və inkişaf etməsi üçün mən çox zəhmət çəkmişəm, çox işlər görmüşəm.
Respublikamızın indiki keçid dövründə Azərbaycan gənclərinin qarşılaşdığı çətinliklər şübhəsiz mövcuddur. 80-ci illərin ortalarından etibarən Respublikada gənclərin taleyinə laqeyd münasibət göstərilməsi nəticəsində gənc nəsil çox kəskin problemlərlə üz-üzə qalmışdı. Hətta gənclərin problemlərinin həlli ilə konkret məşğul olan dövlət qurumu da yox idi. Məhz Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanına əsasən 1994-cü ildə Respublika Gənclər və İdman Nazirliyinin yaradılması mühüm hadisə kimi qiymətləndirildi. 1994-cü ili respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar. Deməliyik ki, məhz həmin ildən müstəqil Azərbaycan dövləti rəsmən idmana və bədən tərbiyəsinə sahib çıxdığını bəyan etmiş, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta yetirmişdir. Müstəqil respublikamızda gənclərin problemlərini aradan qaldırmaq məqsədi ilə möhtərəm Prezidentimizin sərəncamına əsasən 2 fevral 1996-cı ildə Respublika sarayında müstəqil Azərbaycan gənclərinin I forumu keçirilmişdir. Heydər Əliyev gənclərin problemlərinə toxunarkən idmanın və bədən tərbiyəsinin indiki vəziyyəti haqqında öz fikir və mülahizələrini söylədi və bu sahədə öz qayğısını dəfələrlə vurğuladı.
Ölkə Prezidentinin fərmanı ilə 1995-ci ildə Azərbaycanda idman fondu yaradıldı. İdmanın inkişafı üçün Prezident fondundan vəsait ayrıldı.
Respublika çempionatında 3200 nəfər, birinciliyində 3500 və Respublika kubokunda 510 idmançı iştirak etmişdir. Bundan əlavə, Azərbaycandan kənarda beynəlxalq turnirlərdə ötən il 1124 idmançı təmsil olunub. 1957-ci ildə 52 qızıl, 45 gümüş və 37 bürünc medal qazanılmışdır.
38 dünya çempionatı, birinciliyi və kubok yarışında 264 nəfər, 27 Avropa çempionatı, birinciliyi və kubok yarışında 214 nəfər, 61 beynəlxalq turnirdə isə 646 idmançı və məşqçilərimiz iştirak etmişdir.
Məhz Prezidentin göstərişi sayəsində Tofiq Bəhramov adına Respublika stadionuna dövlət büdcəsindən 600 milyon manat ayrılmış, təmir və bərpa edilərək beynəlxalq standartlara uyğunlaşdırılmış, Zuğulbadakı «Gənclik» beynəlxalq turizm mərkəzi nazirliyin sərəncamına verilmişdir. Möhtərəm Prezidentimiz Heydər Əliyevin rəhbərliyi ilə vaxtilə yaradılmış dünya standartlarına cavab verən Mingəçevir avarçəkmə bazasının yenidən idmançıların ixtiyarına verilməsi üçün lazımi işlər görülür.
14 avqust 1996-cı ildə Milli Olimpiya Komitəsinin üzvləri ilə görüşdə Prezidentimiz Heydər Əliyev demişdir ki, «Şəxsən mən söz vermişəm və indi də təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz».
30 iyun 1999-cu il tarixdə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində idmançılar üçün inşa olunmuş Olimpiya Kompleksi ilk binasının açılışında iştirak etmişdir.
Azərbaycan Respublikasında idmanla bağlı beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirilir. Məlum həqiqətdir ki, ölkə Prezidenti Heydər Əliyev 19 aprel 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin /BOK/ Prezidenti Xuan Antonio Samarançı, 23 dekabr 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının Prezidenti Ənvər Çoudrini, 10 fevral 1998-ci ildə isə öz iqamətgahında Türkiyənin Ədirnə şəhərinin bələdiyyə başçısı Hamdi Sədəfçini və Ədirnənin tarixi Kırkpınar ağası Hüseyn Şaini qəbul etmişdir.
Ölkə Prezidenti Heydər Əliyevin bədən tərbiyəsi və idmana qayğısı nəticəsində 5 mart 1995-ci il tarixli fərmanına əsasən Azərbaycan idmanının inkişafında xidmətlərinə və beynəlxalq yarışlarda yüksək nailiyyətlərinə görə 14 idmançımız və məşqçimiz orden və medallarla təltif edilmişdir. Fevral 1998-ci il fərmanına əsasən Muxtar Dadaşov «Şöhrət» Ordeni ilə təltif edilmişdir.
1999-cu ildə Azərbaycanın idman tarixində ilk dəfə olaraq ölkəmizdə yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilmişdir. Bizim idmançılarımız o yarışlarda yüksək nəticələr əldə etmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin idman-sağlamlıq kompleksinin açılış mərasimində Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyev çıxışında bildirmişdir:
«Tikmək, yaratmaq, qurmaq, abadlaşdırmaq həmişə cəmiyyətdə, xalqda böyük minnətdarlıq hissi doğurmuşdur. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. O vaxt bizim belə çarhovuzumuz, belə imkanlarımız da yox idi. Yenə də deyirəm, «Dinamo»nun bir zalında hamımız yığışırdıq, kim ora düşə bilmirdisə ətrafda – bulvarda qaçırdı. Yaxud da, bizim orada bədən tərbiyəsi təlimatçımız vardı, o bizi dəstə ilə düzürdü, gimnastika üzrə ayrı-ayrı təmrinləri yerinə yetirməyimizə rəhbərlik edirdi. Ona görə də o vaxt biz bu çətinliklər içərisində yaşamışıq, gərgin işləmişik. Amma indi isə müstəqil Azərbaycanda sizin çox gözəl imkanlar yaranıb».
Ymumiyyətlə, 1993-2003-cü illərdə Azərbaycan idmançıları 1379 medal qazanmışlar.(O cümlədən 479 qızıl, 376 gümüş, 524 bürünc).
Bu dövr ərzində Xalqımızın ümummilli lideri Heydər Əliyevin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində beş dəfə Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza xeyir dua verərək yola salmışdır (XX-Yay Olimpiya Oyunları,1972-Münhen), XXI-Yay Olimpiya Oyunları, 1976- Monreal), XXII-Yay Olimpiya Oyunları, 1980-Moskva), XXVI- Yay Olimpiya Oyunları, 1996-Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000-Sidney). Həmin Olimpiya Oyunlarında olimpiyaçılarımız 6 qızıl 6 gümüş və 2 bürünc medal qazanmışlar.
Ümumiyyətlə, XX əsrdə Azərbaycan idmanına göstərilən diqqət və qayğı, Respublikanın demək olar ki, bütün idman qurğularının tikilməsi, Respublikamızda idmanın geniş vüsətlə inkişafı - Azərbaycanın dahi lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyətinin araşdırılması illər, bəlkə də onilliklər tələb edir, amma əlbəttə ki, hamını eyni dərəcədə xəbərdar olduğu çox adi bir həqiqət də var. Liderimiz Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyət idi və hamı onun nə dərəcədə qiymətli olduğunu çox gözəl bilirdi.
Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış medalların sayının ilbəil artması xalqımızın ümummilli lideri Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev cənablarının bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
DİLQƏM QULİYEV,
pedaqogika üzrə elmlər doktoru, professor