Azerbaijan State Academy of Physical Education and Sport

İlk idman həkimləri İdman Akademiyasının məzunu oldular

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyəcanverici bir gündür, bu günü tarixi də adlandırmaq olar, çünki məhz bu gün 2 il öncə Akademiyaya magistrant kimi qəbul olmuş həkimlər öz magistrlik dissertasiya işlərini müdafiə edəcək və bu proqramın ilk məzunları olacaqlar.

Ümumiyyətlə, “İdman tibbi və reabilitasiya” proqramı ilklərlə zəngindir. Bu magistr proqramı yalnız Azərbaycanda deyil, post-sovet məkanında bir ilkdir. Proqramın rəhbəri Avropanın “İdman tibbi” tədris standartının müəllifi, AİBA-nın tibbi komissiyasının sədri, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, Böyük Britaniyanın boks üzrə milli Olimpiya yığmasının tibbi direktoru Dr.Maykl Pol Luzmordur. Proqram çərçivəsində bütün dərslər UCL Universitetinin müəllim və ekspert heyəti tərəfindən aparılır.

İlk qəbul 2017-ci ildə aparılmışdır və 8 nəfər ingilis dilli həkim proqrama qəbul olmuşdur. 2 il ərzində magistrantlara yuxarı ətraf reabilitasiyası, aşağı ətraf reabilitasiyası, kardioloji reabilitasiya, psixoloji reabilitasiya və s. sahələri əhatə edən intensiv modullar tədris olunmuşdur. Eyni zamanda, beynəlxalq təcrübəni öyrənmək və yeni bacarıqlara yiyələnmək məqsədilə tələbələr Londonda 2-həftəlik tədris-təcrübə səfərində oldular.

Qeyd edək ki, magistr dissertasiyaların elmi rəhbərləri QS Global World Ranking reytinqində dünyada 10-cu yerdə, Böyük Britaniyada isə Oksford və Kembric universitetlərindən sonra 3-cü olan UCL Universitetinin professorları oldular.  Bununla da İdman Akademiyası daha bir ilkə imza atdı.

Eyni zamanda, bu addımın nəticəsində İdman Akademiyası ilə UCL universitetinin birgə tədqiqatları üçün zamin yaradıldı. Bütün magistrantların mövzularının aktuallığını nəzərə alaraq – onlar futbolçu, voleybolçu, karate və s. idman növlərində yarışan yüksək nailiyyətli idmançıların zədədən sonra ən qısa zamanda idmana qayıtmasının imkan və risklərini öyrənir, bərpanın yeni növlərini təklif edirlər – başladıqları tədqiqatı davam etdirmək məqsədilə bir neçə məzun Böyük Britaniyada PhD səviyyəsində öz təhsilini davam etdirəcəkdir. Bu, isə 16 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” üzrə Dövlət Proqramı çərçivəsində qoyulmuş hədəflərə çatmaq üçün atılan ilkin ciddi addımlardır və dövlətin yeni akademik potensialının formalaşdırılmasına xidmət edir.

News and Events