Azerbaijan State Academy of Physical Education and Sport

İlk idman jurnalistləri İdman Akademiyasının məzunu oldular

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramında ilk müdafiə baş tutmuş, 6 nəfər tələbə öz dissertasiya işləri və media layihələrini (sənədli filmlərini) müdafiəyə təqdim etmişdirlər.

“İdman jurnalistikası” magistr proqramı yalnız Azərbaycanda deyil, Qafqazda bir ilkdir. Proqramın yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Proqramının rəhbəri – media sahəsində tanınmış beynəlxalq ekspert, Den Meyson Media şirkətinin təsisçisi Den Meysondur. O, Britaniya Konsulluğu, İREX (AYREKS), Thomson Foundation və s. kimi bir sıra beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik edib.

İlk qəbul 2017-ci ildə aparılmışdır və 6 nəfər ingilis dilli gənc proqrama qəbul olmuşdur. Bu ixtisasa qəbul olan tələbələr müasir tele, radio və s. avadanlıqla tam təchiz edilmiş Multimedia Mərkəzində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnir, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanmışlar. Belə ki, “İdman jurnalistikası” magistr proqramının tələbələri dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım etmiş, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllü və tələbələrdən müsahibələr almışdırlar.

Təhsil aldıqları 2 il ərzində magistrantlar Böyük Britaniyaya səfər etmiş və 2 həftə müddətində BBC kimi nüfuzlu media orqanında təcrübə qazanmış, əsas təlim modullardan birini Şeffild Hallam Universitetində keçmişdirlər. Eyni zamanda, onlar bir neçə beynəlxalq tədbirin, o cümlədən "İBSA Judo Grand Prix Baku 2019" yarışının təşkili və keçirilməsində fəal iştirak etmişdirlər.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının ilk məzunları Azərbaycanda keçirilən mötəbər idman tədbirlərinin daha geniş şəkildə işıqlandırılmasında, ölkəmizin idman ölkəsi kimi beynəlxalq arenada tanınmasında rol oynamaq məqsədilə bir sıra yerli və xarici media qurumları ilə əməkdaşlıq edirlər.

Qeyd edək ki, “İdman jurnalistikası” magistr proqramı çərçivəsində atılan addımlar 16 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” üzrə Dövlət Proqramı çərçivəsində qoyulmuş hədəflərə və dövlətin yeni akademik potensialının formalaşdırılmasına xidmət edir.

News and Events