Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində Serbiyada səfərdə olublar

Serbiyanın Belqrad Universiteti (UB) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında imzalanmış Müqaviləyə Əlavəyə əsasən, Erasmus+ proqramı çərçivəsində inzibati heyətin ilk səfəri reallaşıb. İyunun 19-dan 24-dək Akademiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə və baş mütəxəssisi Halimat İsayeva Belqrad Universitetində mübadilə proqramında iştirak ediblər.

Mübadilə çərçivəsində Belqrad Universiteti tərəfindən təşkil olunan proqrama əsasən, ASAPES-in işçi heyəti ali təhsil ocağının Fiziki tərbiyə və idman fakültəsinin laboratoriyası ilə tanış olub, doktorantura üzrə sonuncu kurs tələbələrinin tədqiqat prosesini izləyib.

ASAPES-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Belqrad Universitetinin Elmi və beynəlxalq əməkdaşlıq üzrə dekan müavini professor Deyan Suzoviç və Milli institutlarla əməkdaşlıq və inkişaf üzrə dekan müavini doktor Branka Markoviç ilə də görüşüblər. Görüş zamanı yaxın gələcəkdə ASAPES və UB arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Belqrad Universitetinin İkitərəfli əməkdaşlıq və mübadilə üzrə koordinatoru Milena Şikaniçlə görüşdə isə ASAPES nümayəndələri mübadilə proqramının davam etdirilməsi üçün atılacaq addımları razılaşdırıblar.

UB ilə ASAPES arasındakı Erasmus+ müqaviləsinə əsasən, iyul ayında Serbiyadan doktorant tələbələrin mübadilə prosesində iştirakı gözlənilir.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər