Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES “SABAH” tələbələri “SABAH Məzunu-2023” tədbirində iştirak ediblər

İyulun 6-da Heydər Əliyev Mərkəzində "SABAH Məzunu-2023" tədbiri keçirilib. Milli Məclisin deputatları, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, prorektorları, təhsil ekspertləri və müəllimlərin qatıldığı məzun günündə ASAPES-in “İdman menecmenti və kommunikasiya” ixtisasının ilk “SABAH” qrupu məzunları da iştirak edib.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli “SABAH” məzunlarını təbrik edərək bu layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, “SABAH”ın əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.

Tədbir zamanı ən yüksək göstəricilərlə fərqlənən “SABAH” məzunları təltif olunub. ASAPES-in prorektoru Təhminə Tağı-zadə tələbəmiz Nərmin İbrahimlini fəxri diplomla təltif edib.

Məzun gününün sonunda tələbələrin ifasında “SABAH” qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsinin təcrübəsi əsasında müvəffəqiyyətlə təhsil alan istedadlı tələbələrdən ibarət xüsusi qrupların təsis edilməsi 2020-2021-ci tədris ilindən başlanılıb. Hazırda Akademiyada 3 ixtisas üzrə (“İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”, “Məşqçilik”) “SABAH” qruplarında 94 tələbə təhsil alır.

Tələbələrimizə gələcək təhsil və iş həyatlarında uğurlar arzulayır, I kurs tələbələrimizi isə yeni tədris ilində ASAPES “SABAH”da gözləyirik.

#ASAPES #İdmanAkademiyası #ASAPESABAH

Xəbərlər