Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES nümayəndə heyətinin Tatarıstana səfəri davam edir

“Azərbaycan Respublikası və Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında 2023-2024-cü illər üzrə əməkdaşlığın inkişafına dair Tədbirlər planı”nın elm, təhsil, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq bölməsində qeyd olunan müddəaların icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədbirlər Planında qeyd olunan əməkdaşlıq sahələrinin və imkanlarının müəyyənləşdirilməsi və təşviq edilməsi məqsədilə ASAPES nümayəndə heyətinin Rusiya Federasiyası Tatarıstan Respulikasının paytaxtı Kazan şəhərinə səfəri davam edir.

Tatarıstan Respublikası Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin dəvəti əsasında reallaşan səfər çərçivəsində Akademiya nümayəndələrinin Universitetin rektoru Rafis Burqanovla növbəti görüşü keçirilib. Görüş zamanı ASAPES-in İnformasiya texnologiyaları və tədrisdə innovasiyalar departamentinin direktoru Şaiq Məmmədli, İnsan resursları və hüquq şöbəsinin müdiri Fatma Məmmədova, İdman menecmenti və kommunikasiya kafedrasının və Doktorantura şöbəsinin müdiri Nailə Kələntərli və Sosial elmlər kafedrasının müdiri, SABAH Mərkəzinin rəhbəri Lalə Əhmədova ali təhsil müəssisəsinin əldə etdiyi nailiyyətlərdən və müasir innovativ fəaliyyətindən danışıblar.

Daha sonra qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə nümayəndə heyətimiz İnnopolis şəhərində yerləşən və “Gələcəyin şəhəri” adlandırılan, informasiya texnologiyaları və robot texnikası sahəsində təhsil, tədqiqat və inkişaf üzrə ixtisaslaşmış İnnopolis Universitetində olub.

Ali təhsil ocağının Akademik siyasət və təhsil fəaliyyətinin təşkili üzrə prorektoru Yevgeniy Bobrov qonaqlara bakalavriat, magistratura və doktorantura pillələrində kadr hazırlığının aparılması haqqında ətraflı məlumat verib. Tərəflər gələcəkdə idmanda müasir informasiya texnologiyaları mövzusunda birgə beynəlxalq elmi-praktiki konfransın keçirilməsi barədə müzakirələr də aparıblar.

#ASAPES #İdmanAkademiyası #MGİMO

 

Xəbərlər