Azerbaijan State Academy of Physical Education and Sport

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasının Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rəhbər heyəti ilə görüşüb

Aprelin 8-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Adil Əliyev Azərbaycanın dünyada idman ölkəsi olaraq tanınmasından, ölkəmizin bir çox nüfuzlu olimpiadalara, idman yarışlarına ev sahibliyi etməsindən danışaraq müasir Azərbaycanda idman siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması və cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə ölkəmizin idman həyatında mühüm dövr yaşamasından bəhs edib. Bununla yanaşı Adil Əliyev ölkəmizdə təhsil sahəsində aparılan islahatlara da toxunaraq, idman sahəsində təhsilin vacibliyindən danışıb.

Tatarıstan Respublikasının Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanov səmimi görüşə görə minnətdarlığını bildirərək, ASAPES ilə qarşılıqlı əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşüb. O, bu əməkdaşlığın hər iki tərəfin maraqlarına uyğun olduğunu, qarşılıqlı təcrübələrin öyrənilməsinin faydasını qeyd edib.

Görüşdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər. Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

News and Events