Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Bu gün, 31 mart tarixi ermənilər tərəfindən etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinə məruz qalmış azərbaycanlıların xatirəsinin yad edildiyi Azərbaycanlıların Soyqırımı Günüdür.

1918-ci ilin mart-aprel aylarındaerməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür.

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların mənimsənilməsi prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında "böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumən, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınmışlar.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 106 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut edir.

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Həmin ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto-şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.
1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində ermənilər meyidləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.
Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran topla Təzəpir məscidi zədələnmişdi. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə” binasına od vurub yandırmışdılar. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdu.
Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Erməni quldurları minlərlə dinc adamı qətlə yetirmişdi. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat idi.
Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. S.Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi ki, təki Azərbaycan deyilən dövlət yaranmasın.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Qubaya hücum edənlər içərisində özünü bolşevik kimi qələmə verən və 2 min əsgərə başçılıq edən David Kelovandilidən başqa, bolşevik Stiqua da olmuşdu. Onun dəstəsində min əsgər olub.
Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasıda 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Daşnak-bolşevik birləşmələri nəinki Quba qəzasında, hətta Cənubi Dağıstanda, Bakıdan Dərbəndə kimi böyük bir ərazidə müsəlmanların soyqırımını həyata keçirmək niyyətində idilər. Azərbaycanın tarixindən məlumdur ki,1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycanda) yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırıma məruz qaldılar. Erməni cəlladları "Böyük Ermənistan” yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.
1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyası cəhətdən soyqırım kimi qiymətləndirilməlidir.

Ümummilli lider Heydər Əliyev 31 mart - "Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə - soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Dilqəm Quliyev,

pedaqogika üzrə elmlər doktoru, professor

Xəbərlər