Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Erməni vəhşiliyinin hüdudu yoxdur

Azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırım siyasəti XX əsrdə də dəfələrlə təkrarlanıb. Bu ağır və qeyri-insani hərəkəti törətməkdə erməni şovinistlərinin son məqsədi nədir? Bu əsas suala cavab vermək üçün tarixi faktlara dönə-dönə müraciət etmək lazımdır. Artıq indi inkaredilməz bir həqiqətdir ki, erməniləri ta qədim zamanlardan tarixin bütün mərhələlərində azərbaycanlılara və türklərə qarşı xəyanət və düşmənçilik mövqeyi tutmuşlar.
 

Ermənilərin XX əsrin əvvəllərində bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş və orada yaşayan əhalinin soyqırımını təşkil etmişlər. Rus və ingilis hökumətlərinə arxalanan ermənilər Naxçıvan ərazisində başdan-başa azərbaycanlılara qarşı elan olunmamış müharibə aparmış, böyük insan təlafatına və dağıntılara səbəb olmuşlar. Öz qeyri-insani hərəkətləri ilə İrəvandan da yardım alan Naxçıvan erməniləri işi o yerə çatdırmışlar ki, hətta Naxçıvan şəhərinin özündə belə, aylarla və illərlə cinayətlər davam etmiş və şəhər dəfələrlə top atəşinə tutulmuşdur. Ümumiyyətlə, Naxçıvanın bütün ərazisində Sədərəkdən tutmuş Əylisə - Ordubada qədər ermənilər bütün cəbhələrdə hücuma keçmiş, minlərlə azərbaycanlını qətlə yetirmiş, yüzlərlə kəndləri dağıtmış, əkin yerlərini, tarlaları sıradan çıxarmışlar.

Bu hadisələr Andranikin Naxçıvana hücumu ilə güclənmiş və o, Naxçıvanda daha çox vəhşiliklər törətmişdir. Belə ki, Naxçıvanda yaşayan ermənilər Andranikin hücumundan daha da vəhşiləşmiş, hətta uşaqları və qadınları belə öldürməkdən çəkinməmişlər.

Beləliklə, ermənilər 1918-1920-ci illərdə Naxçıvanda da kütləvi qırğınlar, ixtişaşlar törətmişlər.10 minlərlə insan tələfatı, kütləvi talan və dağıntılar olmuşdur.

Həmin dövrü əks etdirən tarixi mənbələr və arxiv sənədlərindən aşağıdakılar məlum olur.

1918-ci il yanvarın 17-də Naxçıvanın Əznəburd kəndində sakinlərdən 22 nəfəri qətlə yetirmişdilər.

31 mart 1918-ci ildə Naxçıvan qəzasının Qaraxanbəyli kəndində yaşayan ermənilər azərbaycanlılara atəş açmışlar. Bu vuruşmada 25 nəfər müsəlman tələf olmuş və öz meyitlərini döyüş meydanından belə çıxara bilməmişlər. Andranikin ilk təcavüzü ilə Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərində, Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kəndi yerlə yeksan etmiş, yandırmış və əhalinin çoxunu məhv edərək, mallarını talan etmişdilər.

Lakin Ermənistanla bağlanan saziş kağız üzərində qaldı. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədi. Əhalinin 61,5 faizi, başqa məlumata görə 67 faizi azərbaycanlılar olan Naxçıvanı Ermənistan Respublikası özününkü sayırdı. Azərbaycan Respublikası elan edilən zaman İrəvan quberniyasına daxil olan Naxçıvan, dərhal Azərbaycanla birləşməyi qərara aldı. Lakin o zamankı şəraitdə bu birləşmənin qeyri-mümkünlüyünü nəzərə alaraq və Ermənistana tabe olmamaq üçün Naxçıvan 1918-ci ilin noyabrında Araz Respublikası adı altında özünün müstəqilliyini elan etdi. Ermənistan dəfələrlə Naxçıvana basqın edib onu qılıncla təslim etməyə çalışdı lakin, çoxlu qurbanlara baxmayaraq naxçıvanlılar əyilmədilər, təslim olmadılar. Naxçıvanlıların dəyanəti və Azərbaycan hökumətinin səyləri nəticə etibarilə, Ermənistanın Naxçıvana yiyələnmək niyyətlərini puça çıxartdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində Türkiyənin görkəmli hərbi və dövlət xadimi, Atatürkün yaxın silahdaşlarından biri Kazım Qarabəkir Paşa mühüm xidmətlər göstərmişdir. Həmin ərazilərin müdafiəsi Osmanlı ordusunun onun komandanlıq etdiyi I Qafqaz korpusuna həvalə olunmuşdu; Kazım Qarabəkir Paşanın qərargahı 1918-ci il avqustun 7-də Naxçıvan şəhərində qurulmuşdu. Naxçıvanı türk dünyasına açılan «Şərq qapısı» adlandıran Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi türk qoşun hissələri Naxçıvan mahalını erməni silahlı dəstələrinin Zəngəzur və s. yerlərdən etdikləri hücumlardan qətiyyətlə qoruya bilmişdi.

1918-ci ildə Naxçıvanın digər bölgələrində törədilən qanlı cinayətlərin tüstüsü Sədərəyə də gəlib çıxdı. Ermənilər «Böyük Ermənistan» yaratmaq niyəti ilə Sədərək torpaqlarına da sahib olmaq istəyirdilər. Bunun üçün ermənilər geniş miqyasda tədbirlər işləyib hazırlamışdılar. Lakin bu heç zaman baş tutmamışdı. Çünki, sədərəklilərin arasında onların hiyləsini hər an puça çıxarmış Tatoğlu Həbib, Dayı Süleyman, Dəli Həbib, Ələkbər Sadıqov, Qafar Əiyev kimi ölümdən qorxmayan oğullar olub.

Bu qədim torpaq hərb tariximizə də dəyərli töhfələr bəxş edib. Onlardan biri də Naxçıvanın axırıncı xanı, Araz-Türk Respublikasının rəhbəri Cəfərqulu xanın oğlu, adı paytaxtımızdakı hərbi litseydə əbədiləşdirilmiş məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı, 1917-1920-ci illərdə Naxçıvanda erməni-müsəlman qırğınının tüğyan etdiyi bir dövrdə, yerli əhalini vahid bir bayraq altında birləşdirib ermənilərə qarşı mübarizəyə səfərbər edən, xalqımızın dəyanətli oğlu, general - mayor Kalbalı xandır.

O zaman Azərbaycanın bu qədim güşəsinə sahiblik iddiası ilə qovulan erməni quldur dəstələri üç istiqamətdən - Şərur, Ordubad və Şahbuz tərəfdən Naxçıvanın mərkəzinə doğru irəliləyirdilər. Onlar çapıb-taladıqları kənədlərə od vurub yandırır, heç kəsə rəhm etmədən bütün əhalini ucdantutma qılıncdan keçirir, körpələri diri-diri yanan tonqallara atır, ağsaqqal və ağbirçəklərin gözü önündə cavan qızların namusuna təcavüz edir, qaynar samovarı lütüryan soyundurduqları kişilərin kürəyinə bağlayır, uşaqları ayaqyalın qızmar közün üstündə gəzməyə məcbur edirdilər. Bu iblislər sürüsünün ağlasığmaz vəhşiliyindən xəbər tutan Kalbalı xan minlərlə gənci silahlandırıb, doğma torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə səfərbər etdi. Əlbəttə, o dövrdə əhalinin xeyli hissəsi silahdan istifadə qaydalarını bilmirdi. Mirzə Cəlilin «Molla Nəsrəddin» jurnalında qeyd etdiyi kimi, ermənilər ötən əsrin əvvəllərində rus qorodovoyuna pul uzadıb «Qospodin, vozmi denqi, davay rujyo», - deyə bizə qarşı mübarizə məqsədilə silah toplayanda bizim azərbaycanlılar küçələrdə it boğuşdurur, xoruz döyüşdürürdülər. Anlamırdılar ki, «Böyük Ermənistan» xülyası ilə qovrulan bu mənfur millətin silahlanması gələcəkdə müqəddəs torpaqlarımızın əldən getməsi ilə nəticələnə bilər. Elə buna görə də Kalbalı xan yerli əhalidən böyük dəstələr düzəldib hərbi təlim keçir, ömrü boyu əlləri quşatandan başqa heç nəyə öyrənməmiş gənclərə silahdan istifadə qaydalarını öyrədirdi. Qısa bir zaman çərçivəsində hərbi texnikanın sirlərinə mükəmməl yiyələnən əhali Kalbalı xanın rəhbərliyi altında erməni hərbi birləşmələrinə sarsıdıcı zərəbələr endirib, onları Naxçıvan sərhədlərindən geri oturtdu. 1919-cu ilin may-iyun aylarında polkovnik Doluxanovun başçılığı altında hərəkət edən çoxsaylı erməni hərbi birləşmələri artıq Şərur mahalının Sədərək və Dəmirçi kəndlərini işğala məruz qoymuş və həmin kəndlərin özünümüdafiə dəstələri sayca onlardan qat-qat sox olan vəhşi erməni quldurlarının ağır təzyiqi altında geri çəkilmək məcburiyyətində qalmışdılar. Yalnız general Kalbalı xan köməyə gəldikdən sonra ağır itkilərə məruz qalan ermənilər işğal etdikləri həmin əraziləri qoyub qaçmaqla canlarını qurtara bildilər. Kalbalı xanın dəstəsi Ordubad-Culfa istiqamətində kəndləri dağıda-dağıda Naxçıvan şəhərinə doğru addımlayan vəhşi Andronikin təpədən-dırnağadək silahlanmış güclü or-dusuna elə sarsıdıcı zərbələr endirmişdir ki, onlar nəinki geri çəkilmək məcburiyyətində qalmış, hətta Naxçıvan torpaqlarını birdəfəlik tərk edib Zəngəzura, oradan isə Qarabağa istiqamət almışdılar.

Erməni işğalçılarına bir neçə dəfə sarsıdıcı zərbələr endirib onları öz yerlərində oturmağa məcbur etdiyinə və Naxçıvan mahalının müdafiə qüdrətini artırdığına görə bu görkəmli sərkərdə Türkiyə hökumətinin ən ali ordeni ilə təltif olundu və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fərmanı ilə ona general-mayor hərbi rütbəsi verildi.

Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid Naxçıvanski də inamla vuruşmuşdur. 1920-ci ilin martında Cəmşid Naxçıvanskinin Qafqazda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdir.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 7.913.17 kv.km təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsini iddiası ilə çıxış etdilər. Lakin, 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər, 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. Sovet Rusiyası hökuməti Gürcüstan və Ermənistan missiyaları ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki, Azərbaycan nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya ermənilər, ya da gürcülər təmsil edirdilər. Azərbaycanlılar isə nə ermənilərin, nə də ki, gürcülərin nümayəndə heyətlərinin tərkibinə daxil edilmirdilər. 1920-ci il avqustun 10-da İrəvan şəhərində Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanarkən, bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycanın milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiyası hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi ki, «… məlum siyasi şəraitdə Ermənistan bizə lazımi ola bilər. İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtarır ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi planı Leninin razılığı ilə Stalin tərəfindən hazırlanmışdı. Çünki sonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da Stalin tərəfindən həya

1920-ci il noyabrın 4-də Stalin, Orconikidze, Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Rusiya ilə Ermənistan arasındakı müqavilənin şərtlərinə toxunularkən, Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: «Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər».

İclasda həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə olunmuş, habelə Stalinin bu məsələ ilə RK/b/P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq razılaşdırılmışdı. Bu qərarın özü də bir daha göstərir ki, Azərbaycan torpaqları hərraca qoyulmuşdu. V.İ.Lenindən sonra SSRİ dövlətinə rəhbərlik edən İ.V.Stalin bu hərracın təşkilatçısı kimi, «Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı deyiləm» - deyə Azərbaycana öz düşmən mövqeyini bildirmişdi.

Həmin qərarın «B» bəndində yazılırdı: «Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir». Qərarın «Q» bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, «d» bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddaratını təyin etmək hüququ verildiyi göstərilirdi.

Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə, Sovet Rusiyasının təzyiqi ilə «bağışlanması» istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə keçirilən, təntənəli «tarixi» iclasında N.Nərimanov bəyanatla çıxış etdi. Lakin qeyd etmək lazımdır ki, N.Nərimanovun bəyanatı Ermənistanda yaxın və uzaq gələcəkdə Dağlıq Qarabağla əlaqədar məsələ qaldırmaq məqsədilə, İrəvanda ermənicə nəşr olunan «Kommunist» qəzetinin 1920-ci il 7 dekabr tarixli nömrəsində saxtalaşdırılmış məzmun dərc edilmişdi. Sonralar N.Nərimanov özü bəyanatda elan edilən faktların saxtalaşdırılmasına etiraz etmişdi. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V.Stalin Bakı Sovetinin 1920-ci

il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə demişdir: «Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir». Göründüyü kimi, əgər XI Qızıl Ordunu Azərbaycanı işğal etmək üçün A.Mikoyan dəvət etmişdirsə, ondan sonra onun torpaqlarını siyasi hərraca qoyan İ.V.Stalin olmuşdur. 1920-ci il dekabrın 2-də İ.Stalinin «Azərbaycanın fatehi» adlandırıdığı S.Orconikidze V.İ.Leninə və İ.Stalinə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi elan edilən kimi həyata keçirilmədi. N.Nərimanov ZSFSR İttifaq Sovetinin sədrlərindən biri olarkən, Leninə yazdığı məktubda «Azərbaycan tamamilə mübahisəsiz ərazilərini Ermənistana güzəştə gedir və bu, düzəlməsi mümkün olmayan həlledici səhvdir» - deyə etiraf etmişdi.

Ermənilər Zəngəzurun ələ keçirilməsini asanlaşdırmaq və sürətləndirmək məqsədilə qəzanın onlar tərəfindən tutulan sahələrində möhkəmlənərək, bölgənin digər hissələrində - Aşağı Zəngəzurda Kürdüstan yaradılması «ideya»sını irəli sür-müşdülər. Əslində əsas məqsəd Rusiyanın Azərbaycanda ye-nidən möhkəmlənməsini təmin etməkdən, bu niyyətlə də Azər-baycanın parçalanması da daim təzyiq altında saxlanılmasından, Zəngəzurun tədricən, hissə-hissə Ermənistana verilməsinə nail olmaqdan ibarət idi.

Zəngəzurun və digər ərazilərin itirilməsi o zamankı Azərbaycan rəhbərliyinin 1920-ci il 1 dekabr tarixli bəyanatı ilə verdiyi vədə öz sərvətlərinin qapılarının Ermənistanın üzünə geniş açmasına dərhal əməl etməsi, hələ müharibəyə və daşnakların ərazi iddialarına son qoyulmasının, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər qurtarmamış, «qonşu və dost xalqa» hərtərəfli yardım göstərilməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliynə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili

haqqında qərar çıxardı. Nəhayət, uzun müzakirələrdən sonra Zəngəzur qəzasının köhnə inzibati sərhədlərdə saxlanması qərara alındı. Zəngəzurla bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər davam etdi.

Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək, sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyadzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi - Nüvədi, Ernəzir və Tuğut Ermənistana verildi.

1938-1939-cu illərdə Ernəzir kənd kollektiv təssərüfatı Nü-vədi kəndi, Tuğut kəndi isə ermənilər yaşayan Astazurla birləşdirildi, hər iki kəndin əhalisi doğma yerlərindən Nüvədi, Əldərə və Astazura kəndlərinə köçürüldü.

Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə «bağışlanması» və burada Mehri rayonunun təşkili ilə Azərbaycan özünün tərkib hissəsi olan Naxçıvandan ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Şimali Azərbaycan parça-parça edildi, onunla Türkiyə arasında əlaqə pozuldu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin yaradıldı.

Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədlərinə gəldikdə isə, həmin müqavilədə Naxçıvan ərazilərinin qarantı kimi çıxış edən Türkiyə dövlətinin razılığı olmadan Zaqafqaziya Sovetləri MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə bölgənin 657 kv.km sahəsi Ermənistana verildi. Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən isə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi.

100 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş bu soyqırımı siyasətini Vətən müharibəsindəki tarixi qələbə dayandırdı. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbənin sevincini yaşayır. Şanlı Azərbaycan ordusu Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də əks-hücuma keçdi və “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 28 illik əsarətdən xilas etdi. Naxçıvanda, eləcə də Azərbaycanın başqa bölgələrində (Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda) eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Dilqəm Quliyev,

pedaqogika üzrə elmlər doktoru, professor

Xəbərlər